O-Brayenin Konqresdəki çıxışı nəyə hesablanıb?| ABŞ üçün Ermənistan yox, erməni seçicisi daha vacibdir

2023/11/433-1700301226.jpg
Oxunub: 35616     16:28     18 Noyabr 2023    
Azərbaycan noyabrın 20-də Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüş keçirməkdən imtina etdiyini açıqladı. İmtinanın səbəbi ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Brayenin Konqresdə Qarabağla bağlı dinləmələr zamanı etdiyi çıxışdır. Bakı haqlı olaraq bunları qərəzli hesab edir. Beləliklə, ilk olaraq Bakının imtinasından aydın olur ki, noyabrın 20-də Vaşinqtonda görüşmək təklifi olub. İrəvan o təklifi alıb, yoxsa Vaşinqton əvvəlcə Bakının yanaşmasını anlamağa və buna uyğun olaraq İrəvana yaxınlaşmağa çalışıb? Ən azından Ermənistan hələ ki, belə bir təklifin olması barədə danışmayıb.

Son günlər ermənipərəst açıqlamalar verən Avropa komissarı Borel isə Avropa İttifaqının Brüsseldə görüş keçirmək üçün səylərini davam etdirdiyini açıqlayıb. Vaşinqtonun nə edəcəyi hələ bəlli deyil. Ancaq sual yaranır ki, Dövlət katibinin köməkçisi O-Brayen öz bəyanatlarının 20 noyabr görüşünün gedişinə zərər verə biləcəyini dərk etməyibmi?

Bu, amerikalı diplomatın səhvi idi, yoxsa ABŞ siyasətinin indiki kontekstində daxili siyasi, yəni seçkiqabağı məsələlər administrasiya üçün daha əhəmiyyətlidir? Nəzərə almaq lazımdır ki, 2024-cü il prezident seçkiləri son ilinə qədəm qoyub, ABŞ üçün isə proses mahiyyətcə məhz bu dövrü əhatə edir. Bu baxımdan, xüsusilə ermənilərin az-çox əhəmiyyətli say təşkil etdikləri ştatlarda erməni seçicilərin mövqeyi Vaşinqton üçün olduqca vacibdir. Xüsusilə Prezident Baydenin demokrat administrasiyası hazırda kifayət qədər problemli reytinqə malikdir.

Təbii ki, məsələn, administrasiya Ermənistan-Azərbaycan sülh müqaviləsini imzalamağa müvəffəq olsa, bu, xarici siyasətin diplomatik uğuru kimi daxildə kapitallaşdırıla bilərdi. Xüsusən ona görə ki, Bayden administrasiyasının bu baxımdan o qədər də böyük nailiyyətləri yoxdur. Lakin sülh müqaviləsi məsələsi bir sıra səbəblərə görə kifayət qədər mürəkkəbdir.

Qısaca desək, Qafqazdakı vəziyyətin geosiyasi benefisiarlarının çərçivəsi həm yaxın, həm də nisbətən uzaq perspektivdə çoxqütblüdür. Ümumilikdə dünyada vəziyyət kifayət qədər mürəkkəbdir. Əgər kimsə öz himayəsi altında sülhə nail olmaq istəyirsə, o zaman bu hal geosiyasi rəqiblərin müqaviməti ilə üzləşir. Burada bir sıra nüanslar və mürəkkəbliklər var, ona görə də ABŞ-nin sülh prosesinə görə məsuliyyətini azaltmağa üstünlük verməsi, amma Vaşqinqtonun bunun administrasiyanın ABŞ-nin erməni seçiciləri arasında nüfuzuna təsir göstərməməsinə çalışması istisna edilmir.

İndiki vəziyyətdə Vaşinqtonun reputasiyası zərbə alacaq. Bu zaman isə ABŞ ermənilərini ritorika səviyyəsində özünə cəlb etmək qalacaq, çünki bir daha qeyd edək ki, reytinq məsələlərində hər bir seçicinin səsi çox önəmli olur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin